Microsoft — IT Academy

«Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Microsoft şirkətinin rəsmi «IT Academy» partnyoru oldu.

Microsoft Azərbaycan və Şəmkir şəhərində fəaliyyət göstərən «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi region gəncləri arasında kompyuter biliklərinin geniş yayılmasına və inkişafına nail olmaq və gənclərə peşəkar İKT biliklərinin aşılanması ilə yeni karyera imkanları yaratmaq məqsədilə «İT Akademiya» layihəsinin icrasına başlamışdır. Bu layihənin icrası üçün «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Microsoft şirkətinin rəsmi «IT Academy» partnyoru oldu.

 

 

Araz Pashayev,

«Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Direktoru

Mərkəzimizin əsas məqsədi müasir və qabaqcıl təlim və tədris təcrübələrinin istifadəsi ilə gənclərin bilik və bacarıqlarının inkişafı, onların sosial aktivliyinin stimullaşdırılması, eləcədə, dövlət, özəl və ictimai sektor arasında tərəfdaşlıq modellərinin tətbiqi ilə gənclərə karyera imkanlarının yaradılması, yaradıcı qabiliyyətli gənclərin dəstəklənməsidir.

«İT Akademiya» layihəmiz də, regionda gənclərin İKT sahəsində bilik və bacarıqlarını inkişaf etdirməklə onların əmək bazarında mütəxəssis dəyərinin artırılmasına və effektiv karyera qurmaq imkanlarının genişlənməsinə xidmət edəcək. Bu layihə çərçivəsində biz 3 mərhələdə ümumi kompyuter bilikləri, gənc İT mühəndis və gənc proqramçı istiqamətləri üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tuturuq. Layihənin gözlənilən nəticələri kimi, regionda informasiya texnologiyaları sahəsində sertifikatlaşdırılmış mütəxəssislərin artırılması və gənclərin diqqətinin informasiya texnologiyaları sahəsində yeni layihə və ideyaların icrasına yönəltməkdir.

 



Ürfət Abbaslı

«April UV» şirkətinin Rəhbəri,

April UV şirkətinin əsas korporativ dəyərləri ən qabaqcıl texnologiyaların istifadəsi, effektiv həllər və yüksək səviyyəli müştəri yönümlülükdür.
 

Bunun üçün də biz «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində informasiya texnologiyaları laborotoriyasının yaradılması layihəsinə məsləhətçi şirkət kimi cəlb olunmaq təklifini böyük həvəs və maraqla qarşıladıq. Bu layihə bizə informasiya texnologiyaları sahəsində layihələndirmə və peşəkar həllərin tapılması sahəsindəki bütün təcrübəmizi bir araya gətirmək imkanı verdi. Zəka mərkəzinin fəaliyyəti və missiyası ilə yaxından tanış olduqdan sonra, biz dünyada bu kimi mərkəzlərin təcrübəsini təhlil etdik və İT sahəsinin dünya səviyyəli lideri Microsoft şirkəti ilə birgə «IT Academy» layihəsini hazırladıq.

 

Microsoft şirkəti ilə danışıqlarımızın nəticəsi olaraq «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Microsoft şirkətinin rəsmi «IT Academy» tədris partnyoru oldu.

Tədris laboratoriyasının yaradılmasında Cybernet şirkəti tərəfindən göstərilən əvəzsiz dəstəyə görə şirkət rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

 

 

Layihə, müddəti 1 il olmaqla 3 mərhələdən ibarət olacaq:

 

Mərhələ 1. Windows Əməliyyat sistemləri və Microsoft Office Paketinin "Zəka" Mərkəzinin 2 təlimçisinə öyrədilməsi və təlimçilərin sertifikatlaşdırılması və sertifikatlaşmış təlimçilər tərəfindən mərkəzdə geniş kütlə gənclərin təlimləndirilməsi. Müddət 4 ay.

Mərhələ 2. Hardware and Software Management və Networking mövzularında "Zəka" Mərkəzinin 2 təlimçisinin sertifikatlaşdırılması və sertifikatlaşmış təlimçilər tərəfindən geniş kütlə gənclərin təlimləndirilməsi. Müddət 4 ay.

Mərhələ 3. Proqramlaşdırmanın əsasları mövzusunda "Zəka" Mərkəzinin 2 təlimçisinin serifikatlaşdırılması və sertifikatlaşmış təlimçilər tərəfindən mərkəzdə geniş kütlə gənclərin təlimləndirilməsi. Müddət 4 ay.

Layihə çərçivəsində hər mərhələ üzrə 30 gəncin təlimlərə cəlb edilməsi və yekun sertifikasiyaya hazırlığı nəzərdə tutulur. Kurslar zamanı gənclər İT akademiyanın veb səhifəsində olan 400 ədədən çox onlayn kurslara və 600 kitab və digər elektron tədris vəsitlərinə limitsiz çıxış imkanı əldə edəcəklər.

"İT akademiya" layihəsinin yekununda ən yaxşı tələbələr regionda fəaliyyət göstərən şirkətlərdə təcrübə proqramlarına cəlb ediləcəklər.