Avropa Gəncləri “Zəka” Gənclər Mərkəzində

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşı olduğu "Art and Sport : hand in hand" Youth Exchange (“İncəsənət və İdman : əl- ələ” Gənclər Mübadiləsi) adlı Beynəlxalq layihə çərçivəsində 6 ölkədən 42 gənc “Zəka” Gənclər Mərkəzinin fəaliyyəti ilə tanış oldular. Səfər çərçivəsində gənclər incəsənət və idmana aid müxtəlif qrup işləri, həmçinin şəhər gəzintisi həyata keçirdilər.

Layihənin məqsədi sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə, onlara bu vərdişin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, həmçinin incəsənət sahəsinə maraq yaratmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaqdır. Layihə zamanı iştirakçılar idman və incəsənət fəaliyyətləri vasitəsilə səmərəli vaxt keçirməyin, sağlam həyat tərzinin yollarını öyrənir, incəsənətə aid yeni təcrübə qazanır və məlumatları bölüşürlər. Həmçinin layihə çərçivəsində Azərbaycanda həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan uğurlar, Azərbaycan incəsənətinin zənginliyi, ölkədə idmana və incəsənətə göstərilən qayğı haqqında geniş video təqdimatlar və müxtəlif məlumatlandırıcı tədbirlər keçirilir.

11 - 19 Avqust tarixlərini əhatə edən layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Norveçin Overhalla Kommune Təşkilatının əməkdaşlığı, Gəncə şəhər İcra Hakimiyyəti və “Zəka”Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə Avropa Komissiyası Norveç Milli Agentliyi tərəfindən “Erasmus+” (youth in action) proqramı çərçivəsində maliyyələşdirilib.

Layihədə Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən olan gənclər iştirak edirlər.

Başlama tarixi: 
11.08.2014
Bitmə tarixi: 
19.08.2014


22.10.2014 12:43