“Parlaq Zəka” 3 gəncin həyatını dəyişir

Hər mövzuya uyğun maraqlı qonaqları, quruluş səhnəcikləri ilə “Parlaq Zəka” intellekt şousunun 3-cü çəkiliş mövsümünün verilişlərində də 1-ci və 2-ci mövsümdəki kimi maraqlı mövzulara toxunulub. “XX əsrin qadın siyasətçiləri”, “ABŞ prezidentləri”, “ Şahmat və şahmatçılar ”, “Avstraliya” , eyni zamanda milli tematika mövzuları olan "Koroğlu" eposu’’ , “Dünya müharibələrində Azərbaycan’’, “Hacıbəyovlar ”, “Hüseyn Cavid” kimi mövzular üzrə iddiaçılar gərgin mübarizəyə hazırlaşıblar.

Bu mövsüm qaydalarda bir neçə yenilik edilib. Yeniliklərdən biri tribunada əyləşən iddiaçıların suallara cavab vermə prosesi ilə bağlıdır. Zəka meydanında cavabı tapılmayan sualların cavabını tribunalarda əyləşən və ən tez əlini qaldıran iddiaçılar verirdi. Kimin cavablandırmasına isə Zəka məclisinin məsul katibi qərar verirdi. Final mərhələsində gərginliyin artması ilə bu prosesin daha da obyektiv olmasına qərar verildi və 1/4 final oyunlarından etibarən studiyaya xüsusi pultlarla idarə olunan sistem quraşdırıldı. Belə ki, hər bir iddiaçının öz pultu olur və sual səsləndiyi anda sistem aktivləşir. Zəka meydanında olan iştirakçı sualı cavablandıra bilmədikdə ekrana düyməni sıxan iştirakçıların adları gəlir və həmin iddiaçı sualı cavablandırmaq hüququ əldə edir.

Digər bir yenilik isə orden və medallarla bağlıdır. Belə ki, iddiaçılar Zəka meydanında və xülasə mərhələsində səslənən suallara doğru cavab verməklə orden və medal qazanırlar. Qaydalara əsasən 2 medal 1 ordenlə əvəz olunurdu. Növbəti verilişlərimizdə isə artıq 5 ordenin 1 qızıl ordenlə əvəz olunması tətbiq olunacaq. Əlavə edək ki, orden və medal sayı ilə fərqlənən iddiçıların şans oyunlarına çıxma imkanı digərlərinə nisbətən üstündür. 
Nəzərinizə çatdıraq ki, verilişin baş sponsoru şüarı “Davamlı gələcəyə doğru” olan və ölkənin ən iri investisiya şirkətlərindən biri hesab olunan Synergy Group şirkətidir. 

Şirkət hədiyyə olaraq iştirakçılara xaricdə magistr pilləsində pulsuz təhsil alma imkanını təqdim edir. Birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil vauçeri, ikinci yerə 30.000, üçüncü yerə isə 20.000 AZN-lik vauçerin verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, çəkilişlər Şəmkir şəhərində, “Zəka” İntellektual Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən, kameralar, səs və işıq avadanlığı, rejissor və montaj otaqları ilə tam təchiz olunmuş 900 kv.m.-lik pavilyonda aparılır. 

Layihənin rəhbəri, eyni zamanda verilişin aparıcısı Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevdir. Yaradıcı heyətin fikrincə efirə gedəcək final oyunlarından sonra tələbələr daha da həvəslənəcək və növbəti mövsümdə qatılmaq istəyən iştirakçıların sayı artacaqdır. Yeri 
gəlmişkən, yeni mövsümün seçimlərinə tezliklə, may ayında start verilməsi nəzərdə tutulub. 

Onu da əlavə edək ki, veriliş hər bazar günü Azərbaycan Televiziyasının efirində saat 11:00-də yayımlanır. Təkrarını isə cümə günləri, saat 22:00-də izləyə bilərsiniz. 
Eyni zamanda verilişin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi də fəaliyyət göstərməkdədi. Layihə ilə bağlı bütün maraqlı məlumat, şəkil, elan və xəbərləri oradan əldən edə bilərsiniz

    09.04.2014 00:00