Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Belarusda səfərdədir.

09-12 aprel 2017-ci il tarixlərində Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Belarusda səfərdədir. 
Bu gün Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Belarus Respublikasının Təhsil naziri İqor Karpenkonun yerli ictimai fəal gənclərlə açıq söhbət formatında görüşü keçirildi.
Natiqlər hər iki ölkənin gənclərlə iş sahəsində həyata keçirilmiş layihələr haqqında iştirakçılara geniş məlumat verdilər.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilmiş birinci Avropa Oyunlarından, burada iştirak edən könüllülərimizin fəaliyyətindən ətraflı danışdı. Həmçinin Gənclər Fondunun da fəaliyyəti barədə Belarus nümayəndələrə məlumat verildi.
Belarus Respublikasının Təhsil naziri İqor Karpenko növbəti Oyunların Minskdə keçirilməsinin düzgün seçim olduğunu vurğuladı və bu sahədə Azərbaycanın təcrübəsinin onlar üçün önəmli olduğunu söylədi.
Sonda İntiqam Babayev və İqor Karpenko gəncləri maraqlandıran suallara ətraflı cavab verdilər.
Qeyd edək ki, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Direktoru Ramin Cəfərov da Belarusda, Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iştirak edir.

10.04.2017 00:00