Gənclər və İdman Nazirliyinin yaranma günü

26 iyul Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma günüdür. 22 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

25.07.2016 23:00